Qadınlar və Azərbaycanın cənub bölgələrində həsir sənəti
Min illər ərzində Azərbaycan qədim yaşayış məskənlərinə ev sahibliyi etmişdir. Toxuculuq da daxil olmaqla ənənəvi sənətkarlıq nümunələrinin kökləri tarixöncəsi dövrlərə qədər uzanır. Bu sənətlər arasında həsirçilik ən qədim və davamlı sənətkarlıq nümunələrindən biri kimi seçilərək, nəsildən-nəslə ötürülən canlı irsi əks etdirir.

Təbiətin formalaşdırdığı qədim sənət
Tarixən həsirçilik insanların təbii resurslardan səmərəli şəkildə istifadə etməyi öyrənməsi nəticəsində formalaşmışdır. Azərbaycanın cənub bölgələrində, xüsusilə Masallı, Lənkəran, Astara və Lerikdəki rütubətli iqlim, bataqlıq ərazilər və zəngin bitki örtüyü qamış, dalo, lığ və pizə kimi bitkilərin toplanması üçün əlverişli şərait yaratmışdır.
Bu sadə, lakin təbii liflərdən qadınlar həm praktik, həm də estetik baxımdan dəyərli döşəmə örtükləri, səbətlər, divar bəzəkləri, qablar və müxtəlif məişət əşyaları hazırlayırdılar. Ənənəvi olaraq, toxunmuş həsirlər evləri həm bəzəyir, həm də eyni zamanda nəmdən qoruyurdu. Beləliklə, onlar funksionallığı sənətkarlıqla mükəmməl şəkildə birləşdirirdi.

Qadınların əlləri
Bu bölgələrdə həsirçilik qadınların məşğuliyyəti sayılmış və bu adət hələ də davam edir. Anadan qızına ötürülən bu sənət gündəlik həyatın bir parçasına çevrilmişdir. Qadınlar yalnız gündəlik istifadə üçün əşyalarla yanaşı, eyni zamanda naxışlarda kimlik, yaddaş və mənsubiyyət ifadə ediblər.
İstər günəş, dalğalar, quşlar, istərsə də çiçəklərdən ilhamlanan hər bir naxış təbiət və həyat dövrləri ilə harmoniyanı simvollaşdırır. Etnoqrafik tədqiqatlar göstərir ki, xüsusilə talış qadınları mürəkkəb texnika və naxışları qoruyub saxlayaraq, qədim sənətkarlıq ənənələrini bu günə qədər yaşadıblar.
Texnika və ənənə
Toxuculuq prosesi bitkilərin yayın əvvəlində toplanması ilə başlayır. Qurudulduqdan sonra materiallar elastik və toxuma üçün uyğun hala gəlir. Daha sonra sənətkarlar onları üfüqi və ya şaquli dəzgahlarda “si” və ya “paral” adlanan sadə taxta lövhə vasitəsilə toxuyurlar.
Bu bacarıqlar səbir, dəqiqlik və intuitiv simmetriya hissi tələb edir. Bunlar qadınların nəsillər boyu ustalıqla mənimsədiyi və təkmilləşdirdiyi xüsusiyyətlərdir. Sadə və ya naxışlı olmasından asılı olmayaraq, hər bir hazır əsər həm sənətkarlığı, həm də mədəni irsi təcəssüm etdirir.

.jpg)
Mədəni və ekoloji irs
Gündəlik istifadəsindən əlavə, həsir məhsulları toylarda, cehizlərdə və hətta dəfn mərasimlərində simvolik rol oynayaraq, mənəvi və ictimai həyatla sıx sıx şəkildə bağlı olmuşlar. Həsir toxuculuq maddi və mənəvi irsi arasında körpü yaradır və insan yaradıcılığının, təbiətə hörmətin, həmçinin qadınların ənənəvi biliklərinin davamlılığının sübutu kimi çıxış edir.
2025-ci ilin payızında PASHA Holding-in dəstəyi ilə VarYox.az İncəsənət Platforması, Türkiyə və Azərbaycandan olan mentorların - Ayşe Özdəmirin (Həsir toxuculuğu) və Vəfa Əlinin (Brend və Kontent Marketinqi) rəhbərliyi ilə qadınlar üçün bir sıra vorkşoplar təşkil etmişdir.
Bu vorkşoplar həm yerli sakinlər, həm də qonaqlar arasında sənətkarlığa olan marağı artırmaq, gələcək nəsillər üçün qorunub saxlanmasına və canlandırılmasına kömək etmək məqsədi daşıyır.